Paradontit və karies xəstəlikləri dişlərin zədələnməsinə səbəb olan xəstəliklərdəndir. Bu xəstəliklərdən qaçınmaq və yarana biləcək fəsadların qarşısını almaq üçün dişlərə lazımi qaydada qulluq edilməli, ümumi müayinə üçün ildə ən azı bir dəfə diş həkiminə müraciət edilməlidir. Bu, kariesin və diş əti probleminin erkən mərhələdə aşkar edilməsinə və vaxtında müalicə olunmasını kömək edir.
Yuxarıda qeyd edilən xəstəliklərin yaranma səbəbi biofilmin öz sağlam tarazlığından çıxarılmasıdır. Biofilm – bir selik qatında fərqli mikroorqanizmlərin populyasiyalarının orqanizə olunmuş halda yerləşməsidir. Ağız boşluğunda müntəzəm olaraq patogen mikrobların sayının azalması sağlam dişlərin və diş ətinin qorunması üçün əsas şərtdir.
Pasiyentin evdə apardığı ağız gigiyenası, dişlərin sağlamlığına hədəflənmiş qidalanma, dişlərin flüoridlənməsi və diş həkimi tərəfindən aparılan dişlərin professional təmizlənməsi dişlərin qorunmasında əhəmiyyətli rola malikdir.
İlk öncə dişlərin professional təmizləməsindən başlayaq.
Bu yolla dişlərin səthində, arasında və çətin keçən hissələrində olan ərp və bakteriyalar, o cümlədən, ev şəraitində pasiyent tərəfindən təmizlənməsi mümkün olmayan diş daşları tam aradan götürülür, karies və diş əti xəstəliklərinin yaranma riskinin qarşısı alınır. Bununla yanaşı, dişlərdə olan ləkə və rəng dəyişmələrini götürməklə kosmetik təsirdə göstərilir.
Bildiririk ki, müxtəlif profilaktika tədbirlərinin birləşdirilməsi ilə kariesin sayı əhəmiyyətli dərəcədə azaldıla bilər. Xüsusilə, karies riski çox olan pasientlərə individual strukturlaşdırılmış profilaktika proqramlarında iştirak etmək tövsiyə olunur.
Tibbin ən vacib prinsiplərindən biri xəstəliyin qarşısını almağın müalicə olunmaqdan daha üstün olmasıdır. Buna görə də dişlərinizi müntəzəm müayinə etdirməklə siz özünüz və dişləriniz üçün çox dəyərli və vacib bir iş görmüş olursunuz. Bu seanslar nə ağrılı, nə də rahatsız edicidir. Əksinə vaxtında müayinə olunmaq gələcəkdə sizi daha çox narahat edə bilən diş müalicəsi prosedurlarından xilas edə bilər.
Dişlərin flüoridlənməsi
Flüor diş minasını möhkəmləndirir. Onların karies-qoruyucu təsiri sayəsində flüorlar dişlərin sağlam qalması üçün əvəzolunmazdır. Onlar diş minasına kalsium fosfatların daha tez daxil olmasına, remineralizasiyanı dəstəkləməyə və bununla da diş çürümə riskini azaltmağına kömək edirlər. Bundan başqa, flyuor diş mina qatının şəbəkə strukturunu daha dayanıqlı edir və bununla da apatitin qida turşuları tərəfindən yuyulmasını azaldır. Flüor diş pastası,diş qulluğu üçün məhsullar vasitəsi ilə və içməli suyun tərkibində diş səthinə daxil olaraq qoruyucu film yaratmış olur. Qəbul etdiyimiz turşular, içdiyimiz müxtəlif içkilər və turş meyvə suları diş minasına hücum etməzdən əvvəl ilk olaraq kalsium flüorunun yaratdığı qoruyucu qatına hücum edirlər və bununla dişin mina qatı zədələnməmiş qalır, həmçinin onun içərisindəki minerallar qorunmuş olur. Flüor antibakterial təsirə malikdir və hətta təzə başlamış diş çürüklərini, yəni kariesi dayandıra bilir. O, karies bakteriyalarının turşu istehsalının qarşısını almağa da kömək edir.
Flüorid harda var? Təbii halda mineral suyun, süfrə duzu, süd, dəniz məhsulları, soya məhsulları və qara çayın tərkibində.Dişlərdə effektivlik üçün flüoridin yerli, səthinə, yəni lokal istifadəsi məsləhətdir.
Flüorid tabletlərinin qəbuluna dişlərə xeyir etməsi üçün ehtiyac görülmür, əsasən dişləri fırçaladıqda flüorid tərkibli diş məcunu ilə dişlərə daxil ola bilir. Uşaqlar üçün diş pastalarında flüorların miqdarı 500 ppm-dən çox olmamalıdır (parts per million = milyonda bir hissə). Bunun əsas səbəbi uşaqların tez-tez diş pastasını udmasıdır ki, bu da onları həddindən artıq flüorid qəbul etmək təhlükəsi ilə üz-üzə qoyur.
Uşaqlar üçün məktəbə gedən yaşlardan başlayaraq 1000-1500 ppm. flüor tərkibli diş pastalarından istifadə etmək məsləhət görülür.
Diş həkimi tərəfindən flüorlama professional diş təmizləməsindən sonra, dişlərdə həssaslığın olması hallarında, uşaqlarda kariesin qarşısının alınması üçün və başqa nəzərdə tutulmuş hallarda müalicə və profilaktika səbəbindən aparılır. Daimi dişlərin çıxması zamanı və ya köklərinin üstü açılmış olan həssas dişlərin olduğu halda 1% xlorheksidin məhlulu ilə yaxalama və həmin tərkibli laklar istifadə oluna bilər.
Düzgün qidalanma
70 ildən çoxdur ki tədqiqatçılar şəkərin kariogen təsirini araşdırmış və bildirmişdir ki, xüsusilə mono- və disaxaridlər kimi az molekullu karbohidratlar, dişin səthində olan plak deyilən qatın bakteriyaları tərəfindən üzvi turşulara metabolizasiya olunur, bu proses isə dişin minasını zəiflədərək karies yaradır.
Kariesin yaranma riskini azaldmaq üçün,aşağıda sadalanan məqamlara nəzər yetirməyiniz çox önemlidir:
Xüsusilə şirin qəlyanaltılardan və yemək araları qısa şəkər və şirin qida qəbulundan uzaq olması məsləhət görülür.
Gündəlik şəkər qəbulu və şəkərli yeməklərin sayı (əsas yeməklər və qəlyanaltılar), o cümlədən şəkərli içkilərdən mümkün qədər uzaq durmaq lazımdır. Şəkərsiz qida və içkilərə üstünlük verilməlidir.
Şəkərsiz saqqızların müntəzəm çeynənməsi də diş çürüklərinin qarşısını almağa kömək edir və buna görə də yeməkdən sonra xüsusilə tövsiyə olunur.
Sistematik aparılan ağız gigiyenası
Əmələ gəlmiş biofilmin tam təmizlənməsi üçün dişləri gündə ən azı iki dəfə flüorid tərkibli diş pastası ilə mümkün qədər təmiz fırçalamaq məsləhət görülür. Pasiyentdən asılı olaraq, müxtəlif diş fırçaları istifadə oluna bilər. Diş aralarını təmizləmək üçün diş ipi (Floss) ya da diş arası kiçik fırçalardan (interdental fırçalar) istifadə edilməsi məsləhətdir. Körpülərin (Protez), breketlərin aralarını təmizləmək üçün isə “Superfloss” deyilən diş ipləri məsləhət görülür. Qeyd etmək lazımdır ki, interdental fırçalar fərqli ölçülərdə istehsal olunur və dişlərin ara məsafəsinə uyğun olaraq istifadə oluna bilər.
Bildiririk ki, hər pasiyent individualdır və müayinədən sonra hər pasiyentə ümumi sağlamlığı, ağız boşluğu vəziyyəti,yaşı, pis vərdişlərinin olub-olmaması və başqa vacib faktorları nəzərə alaraq, düzgün qidalanma ilə bağlı məsləhətləri verilir, ağız gigiyenasının necə düzgün yerinə yetirilməsinin üsulları nümayiş etdirilir. Yekunda isə hər pasiyentin sağlamlıq vəziyyətindən asılı olaraq növbəti müayinələr üçün seansların ardıcıllığı və ritmi müəyyənləşdirilir.
Superfloss
Superfloss-un istifadəsi
Sıx dişlərin aralarını təmizləmək üçün istifadə olunur
Diş ipi Floss
Flossun istifadəsi
Daha genış diş aralarını təmizləmək üçün,müxtəlif ölçüdə istifadesi üçün fırçalar

İnterdental fırçaların istifadəsi
Diş və implant üstü körpölülərin və breket istifadəsi zamanı daha effektiv təmizlənmə üçün məsləhət görülən irriqator
İrriqatorun fərqli başlıqları
İrriqatorun fərqli başlıqları
Elektrikli-Ultrasəsli diş fırçası.Diş daşları ərp və ləkələrin yaranmasının qarşısını alır.Dişləri daha effektiv adi diş fırçalarının daxil olmadığı yerləri təmizləyir.Diş əti problemləri və diş minası həssas olanlar üçün xüsusiilə tövsiyyə olunur.
Bu məqalələr ümumi ağız sağlamlığı mövzularını anlamaq və bilik əldə etmək üçün nəzərdə tutulmuşdur. Peşəkar həkim məsləhətini, diaqnozun tərtib edilməsini və ya müalicənin təyin olunmasını heç bir halda əvəz edə bilməz.Dişlərinizin sağlamlığı vəziyyəti ilə əlaqədar və ya müalicə ilə bağlı hər hansı bir sualınız olduğu halda, diş həkiminə müraciət etməyini unutmayın.