Paradontologiya, dişləri əhatə edən və onlara dəstək verən toxumaların öyrənilməsi ilə məşğul olan bir elm sahəsidir. Bu sahə, diş əti xəstəliklərinin, dişləri dəstəkləyən sümük və bağ toxumalarının problemlərinin diaqnostikası və müalicəsi ilə əlaqəlidir.
Gingivit nədir?
Gingivit, diş ətinin iltihabıdır və paradontoloji xəstəliklərin ilkin mərhələsidir. Bu xəstəlikdə yalnız diş ətləri təsirlənir. Diş ətləri qızarır, şişir və qanamağa başlayır. Gingivitin səbəbi əsasən dişlərdəki ərp və mikrobların yığılmasıdır. Gingivit reversibıl (geri dönən) bir prosesdir, yəni vaxtında müalicə olunduqda tamamilə sağala bilər. Əgər vaxtında müalicə edilməzsə, gingivit paradontitə, yəni dişləri dəstəkləyən alveol sümüyünün zədələnməsinə və nəticədə diş itkisinə səbəb ola bilər.
Paradontit nədir?
Parodontit, diş ətinin və onu dəstəkləyən sümük toxumalarının iltihablanması ilə xarakterizə olunan xroniki bir infeksiyadır. Bu xəstəlik, diş ətinin iltihablanması (gingivit) ilə başlayır və əgər müalicə olunmazsa, daha dərin strukturlara, yəni sümük toxumasına təsir edərək, dişlərin möhkəmliyini və sağlamlığını təhdid edir. Parodontit, dişlərə dəstək verən strukturun itkisinə və nəticədə dişlərin itirilməsinə səbəb ola bilər.
Diaqnoz və Müalicə:
Parodontit diaqnozu klinik müayinəyə və diş əti cibinin dərinliyinə əsaslanır. Cibin dərinliyi 3 mm-dən çox olduqda və/ya dişdə hərəkətlilik meydana gəldikdə parodontit müayinəsi həyata keçirilir. Müalicə məqsədi iltihabın aradan qaldırılması, dişlərin stabilizasiyası və sümük itkisinə qarşı mübarizə aparmaqdır. Müalicə əsasən dişlərin təmizlənməsi, lazımi cərrahi müdaxilələr və düzgün ağız gigiyenası təlimini əhatə edir.
Beləliklə, parodontit xüsusi bir xəstəlikdir və bu cür iltihablanmaların müalicəsi erkən mərhələlərdə çox vacibdir.
Etiologiya (Səbəblər)
Parodontal xəstəliklərin yaranmasında multifaktoriyal səbəblər rol oynayır. Əsas səbəbi dişlərdə yığılan lövhə və diş daşlarıdır. Bu lövhə, mikroorqanizmlərin çoxalmasına və diş ətində iltihab yaratmasına səbəb olur. Bundan əlavə, siqaret çəkmə, genetik amillər, hormonal dəyişikliklər, diabet və pis ağız gigiyenası kimi risk faktorları da xəstəliyin inkişafını sürətləndirə bilər.
Parodontal Staging (Mərhələləmə):
Parodontal xəstəliyin mərhələsi, sümük itkisi və xəstəliyin şiddətini göstərir:
- Mərhələ I (Yüngül): Minimal sümük itkisi, dərin ciblər yoxdur.
- Mərhələ II (Orta): 15%-33% sümük itkisi, dərin ciblər formalaşır.
- Mərhələ III (Ciddi): 33%-ə qədər sümük itkisi, diş hərəkətliliyi və böyük ciblər.
- Mərhələ IV (Çox ağır): Şiddətli sümük itkisi və diş itkiləri.
Parodontal Grading (Qiymətləndirmə):
Grading, xəstəliyin sürətini və inkişaf intensivliyini göstərir:
- Grading A (Yavaş inkişaf): Az sümük itkisi, yaxşı ağız gigiyenası və aşağı risk faktorları.
- Grading B (Orta sürət): Orta dərəcədə sümük itkisi, orta risk faktorları.
- Grading C (Sürətli inkişaf): Yüksək sümük itkisi, yüksək risk faktorları və sürətlə inkişaf edən xəstəlik.
Parodontal Ciblər:
Parodontal xəstəliklər zamanı diş əti ilə diş arasındakı boşluqlar (ciblər) dərinləşir. Bu ciblər, iltihabın dişin altına keçməsi və sümük itkisinə yol açır. Dişlərdə hərəkətlilik və boşluqlar da meydana gələ bilər. Ciblərin dərinliyi və xəstəliyin mərhələsi ilə müalicə yanaşması dəyişir.
Nəticələr:
Müalicə edilməyən parodontal xəstəliklər, diş əti və sümük toxumalarının ciddi zədələnməsinə, dişlərin itirilməsinə və digər sistemik sağlamlıq problemlərinə (məsələn, ürək xəstəlikləri) səbəb ola bilər. Erkən diaqnoz və düzgün müalicə bu zərərləri minimalizə edə bilər.
Parodontal xəstəliklərin idarə olunmasında əsas məqsəd xəstəliyin irəliləməsinin qarşısını almaq, sümük itkisini dayandırmaq və sağlam diş əti toxumasını bərpa etməkdir.
Paradontitlə əlaqəli risklər:
Paradontit müalicə edilmədikdə yalnız diş itkisinə deyil, həm də bir çox ciddi xəstəliklərin inkişafına səbəb ola bilər. Diş əti xəstəlikləri aşağıdakı xəstəliklərlə əlaqələndirilmişdir:
- Diş itkisi: Paradontit dişlərin təməlinin zədələnməsinə və nəticədə dişlərin itirilməsinə səbəb ola bilər.
- Ürək-damar xəstəlikləri: Diş əti xəstəlikləri ürək xəstəlikləri ilə əlaqəli ola bilər, çünki iltihablı diş əti bakteriyaları qan dövranına keçə bilər və ürək damarlarını təsir edə bilər.
- Şəkərli diabet: Paradontit diabetin müalicəsini çətinləşdirə bilər və diabetli şəxslərdə diş əti xəstəlikləri daha sürətli inkişaf edir.
- Tənəffüs yolu xəstəlikləri: Diş əti xəstəlikləri bakteriyaların ağızdan tənəffüs sisteminə keçməsinə səbəb ola bilər, bu da pnevmoniya və digər infeksiyalara yol aça bilər.
- Erkən doğuş və aşağı doğuş çəkisi: Araşdırmalar göstərir ki, paradontitlə əlaqəli infeksiyalar hamiləlik zamanı erkən doğuş və aşağı doğuş çəkisi ilə əlaqəli ola bilər.
- Revmatoloji artrit: Diş əti xəstəlikləri və revmatoloji artrit arasında bir əlaqə olduğu düşünülür. Paradontit iltihabını artıraraq artriti daha da pisləşdirə bilər.
- Alzheimer xəstəliyi və demensiya: Diş əti xəstəlikləri, xüsusən paradontit, Alzheimer xəstəliyi və demensiya kimi sinir sistemi xəstəliklərinin inkişafına təsir edə bilər.
Bu səbəbdən, paradontit və digər diş əti xəstəliklərinin erkən aşkarlanması və müalicəsi çox önəmlidir. Hər il diş həkiminə müraciət etmək və düzgün ağız gigiyenasına riayət etmək, bu xəstəliklərin qarşısını almağa kömək edir.
Diş əti xəstəliklərinin səbəbləri və təsirləri:
Biofilm (bioloji film) bakteriyalar və digər mikroorqanizmlər tərəfindən yaradılan, sərt və bərk bir təbəqə təşkil edən bir strukturdur. Biofilm, bakteriyaların diş səthlərində, diş ətində və ağız boşluğunda müxtəlif maddələr (məsələn, polisaxaridlər) ilə özlərini birləşdirərək yaratdıqları bir koloniyadır. Dişlərdə yaranan biofilm, əslində bakterial lövhə adlanır və diş əti xəstəliklərinin əsas səbəbidir.
Biofilm ağızda müəyyən müddət ərzində təmizlənmədikdə, bakteriyalar dişlərdə və diş ətində iltihaba səbəb olan maddələr istehsal edərək gingivit və paradontit kimi xəstəliklərə yol aça bilər. Biofilmin aradan qaldırılması üçün düzgün diş fırçalama, diş ipi istifadəsi və müntəzəm diş həkimi müayinələri çox vacibdir.
Siqaret: Siqaret çəkmək periodontal xəstəlik riskini artırır. Siqaretin tərkibindəki kimyəvi maddələr və istilik diş əti iltihabının əlamətlərini maskalayır, buna görə xəstələr iltihabın olduğunu hiss etməyərək müalicəyə gec başlayırlar. Siqaret, həmçinin diş əti toxumasını zədələyərək müalicə prosesini çətinləşdirir.
Sistemli xəstəliklər: Diabet, leykemiya, və QİÇS kimi sistemli xəstəliklər paradontal xəstəliklərin şiddətini artırır və müalicəyə təsir edir. Diabetli xəstələrdə diş əti xəstəlikləri daha sürətli inkişaf edə bilər, çünki bu vəziyyət bədənin infeksiyalara qarşı müdafiə gücünü zəiflədir. Diabetin nəzarət altında olmaması, paradontal xəstəliyin daha ciddi olmasına səbəb olur.
Stress: Uzunmüddətli stress, immunitet sistemini zəiflədərək diş əti xəstəliklərinin inkişafına yol açır. Stress, həmçinin diş əti toxumasının bərpa olunmasını çətinləşdirir.
Dərmanlar: Bəzi dərmanlar, məsələn, ağızda quruluğa səbəb olan dərmanlar, diş əti xəstəliklərinin inkişaf riskini artırır. Ağızda quruluq infeksiyaların yayılmasına şərait yaradır və diş əti iltihabını ağırlaşdırır.
Qidalanma: Bədənin immunitet sisteminin zəifləməsinə səbəb olan qeyri-sağlam qidalanma, xüsusən vitamin çatışmazlıqları (C vitamini kimi) periodontal xəstəliklərin inkişafını sürətləndirə bilər.
Diş əti xəstəliklərinin əlamətləri aşağıdakılardır:
- Diş ətindən və ya diş fırçalama zamanı spontan qanaxma,
- Qızarmış, şişmiş və həssas diş ətləri,
- Pis qoxu (halitoz),
- Diş ətlərinin çəkilməsi,
- Dişlərdən asanlıqla ayrılan və geri çəkilən diş ətləri,
- Dişlər və diş ətləri arasında iltihablı axıntı,
- Qeyri stabil və ya tədricən bir-birindən uzaqlaşan dişlər (dişlər arasında yaranan boşluqlar və ya mövcud boşluqların artması),
- Dişləmə zamanı alt və yuxarı dişlər arasındakı toxunanın dəyişməsi.
Diş ətinin çəkilməsi: Diş ətləri paradontal xəstəliklər, pis ağız gigiyenası, düzgün olmayan diş fırçalama, daşqın plomblar, diş daşının olması, uyğun olmayan tac və körpülər, genetika və bruksizm (yuxu zamanı dişlərin sıxılması) səbəbindən geri çəkilə bilər.
Diş əti qanaması: Diş əti xəstəliklərinin ilk əlaməti fırçalama zamanı və ya özbaşına meydana gələn diş əti qanamasıdır. Əgər diş ətləri qanayırsa, bu, qanaxmanın yerləşdiyi nahiyədə iltihabın olduğunu göstərir.
Qanamanın səbəbi: Diş əti xəstəliyi zamanı iltihab nəticəsində diş əti toxumasını qidalandıran damar strukturlarında pozulmalar meydana gələrək, damarlar vasitəsilə qan elementlərinin sızmasına səbəb olur.
Müalicə: Əgər xəstəlik yalnız diş ətindədirsə və alt sümüyə keçməyibsə, problem dişlərin Tc və boyun hissəsindədirsə, yaxşı ağız baxımı ilə həll edilə bilər. Amma əgər diş ətinin altındakı toxumalara çatmışdırsa, bu nahiyələr artıq müvafiq paradontal cərrahi prosedurlarla müalicə edilməlidir.
Diş əti xəstəliklərinin müalicəsi
Diş əti xəstəliklərinin ilkin mərhələlərində cərrahi olmayan üsullar çox vaxt kifayətdir. İlkin paradontal müalicədə diş və kök səthinin təmizlənməsi,yəni patoloji diş əti ciblərinin aradan qaldırılması. Ağız boşluğunun düzgün gigiyenası öyrədilməsi, oklüziyaya (diş sıxılması və ya dişlərin bir-birinə uyğunluğu) nəzarət edilməsi və qida qalıqları ilə mikroorqanizmlərin daha asan yığılmasına səbəb olan retensiya sahələrinin (məsələn, kariyesli dişlər, ağıl dişləri) çıxarılması həyata keçirilir.
Bu müalicə diş ətindəki iltihabı azaltmaq və ya tamamilə aradan qaldırmaq, həmçinin diş əti iltihabına səbəb olan mikroorqanizmləri məhv etmək məqsədini güdür. Bu cür müalicə ilə diş əti yenidən dişə uyğunlaşır, diş əti kiçilir və paradontal cibi (diş və diş əti arasındakı boşluq) yox olur.
Daha inkişaf etmiş paradontit zamanı cərrahi müdaxilə tələb oluna bilər. Bu mərhələdə müalicə, dərin pearadontal ciblərdən diş daşlarının təmizlənməsi, paradontal ciblərin aradan qaldırılması və kök səthinin hamarlanması ilə həyata keçirilir. Bu prosedurların məqsədi, xəstəyə daha asan təmizlənə bilən və sağlam diş əti forması təmin etməkdir.
Bu yanaşma, diş əti xəstəliyinin mərhələsinə görə fərqlənə bilər və müalicə planı, xəstənin vəziyyətinə uyğun olaraq diş həkimi tərəfindən müəyyən edilir.
Flap əməliyyatı
Periodontal xəstəliyin irəliləməsinin qarşısını almaq və xəstəyə adekvat nəzarətini təmin edə biləcək bir mühit yaratmaq məqsədilə həyata keçirilən cərrahi prosedurdur. Bu əməliyyatda müvafiq nahiyə lokal anesteziya ilə anesteziya edildikdən sonra, diş əti qaldırılır, kök səthləri və sümük açılır. İltihablı toxumalar çıxarılır, kök səthləri təmizlənir və düzəldilir. Lazımi sümük korreksiyaları həyata keçirilir. Əgər sümük məhvinin irəlilədiyi müşahidə olunursa, sümük transplantasiyası, membranlar və toxuma stimullaşdırıcı zülallar istifadə edilərək yeni dəstək strukturları yaradılır.
Bu cərrahi müdaxilə, periodontal xəstəliyin irəliləməsinin qarşısını alaraq, dişlərin və diş əti toxumalarının sağlamlığını bərpa etməyə kömək edir.
Diş və diş əti xəstəliklərinin qarşısını almaq üçün nə etmək olar?
Ağız və diş sağlamlığını qorumaq üçün ən vacib addım müntəzəm diş müayinələridir. Hər 6 aydan bir diş müayinəsindən keçmək, diş və diş əti xəstəliklərinin erkən diaqnozu və qarşısının alınmasında mühüm rol oynayır.
Dişlərdə yığılan biofilm yəni bakterial qat və qida qalıqları zamanla tüpürcəyin təsiri ilə diş daşına çevrilir. Diş daşı əmələ gəlməsi, gündəlik ağız gigiyenası, qidalanma vərdişləri və tüpürcək quruluşu kimi bir çox faktordan asılıdır. Lakin, diş daşı hər insanda müəyyən bir dövrdə mütləq yaranır. Diş səthi təmizlənmədikdə, zamanla sərtləşərək diş daşına çevrilir. Diş daşının yaranma müddəti ümumiyyətlə 1-2 həftə arasında olur
Diş daşları olan bir diş səthində nə qədər fırçalasak da, tam təmizlik təmin edilə bilməz. Diş daşlarının diş həkimi tərəfindən müntəzəm təmizlənməsi, dişlərimizin fırçalanması ilə əldə edilə biləcək maksimum gigiyena səviyyəsinə nail olmağımıza kömək edir.
Bu müayinələr həmçinin diş ətində inkişaf edə biləcək xəstəliklərin və dişlərdə baş verə biləcək çürük proseslərinin erkən diaqnozunu təmin edir. Diş və diş əti problemlərinin vaxtında müalicəsi, uzun müddətli sağlamlıq üçün çox önəmlidir.
Bundan əlavə, yaşla ağızda və dişlərdə fizioloji toxuma itkisi yaşanır. Bu səbəbdən, müntəzəm diş müayinələri, erkən dövrlərdə baş verən problemləri həll edərək, daha az toxuma itkisinə və sağlam dişlərə sahib olmağa kömək edir. Diş və ətraf toxumaların zədələnməsinin qarşısını nə qədər tez alarsanız, gələcəkdə daha sağlam bir ağız və diş strukturu qalar.Bu yanaşma, Deutsche Paro-Leitlinien (Alman Parodontologiya Təlimatları) üzrə müasir periodontal müalicə yanaşmalarını nəzərə alaraq, diş və diş əti xəstəliklərinin qarşısının alınmasında ən təsirli metodlardan biridir.